Yanvarın 12-də İqtisad Universitetində (ADİU) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər.
Lent.az-ın məlumatına görə, “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə 20-dən çox jurnalist iştirak edib.
Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib.
“Texnologiya və dizayn”, “Kommersiya” fakültələri üzrə keçirilən test imtahanlarında nəzarətçi kimi iştirak edən KİV nümayəndələrinə məlumat verən R.Qasımov bildirib ki, keçirilən test imtahanlarında tələbələrə əvvəlcədən 700 sual cavabları ilə birlikdə təqdim olunur: “ Həmin suallar tədris dövründə keçirilən 15 mühazirə mövzusu üzrə müəyyən edilib. 700 sualdan 50-si imtahana düşür. Tələbə sualları cavablandırdıqdan sonra “bitir” düyməsinə basan kimi imtahanda göstərdiyi nəticəsi ilə tanış olur. Universitetinin hər korpusunda 5 növbə üzrə imtahan təşkil edilir. Hər növbədə minimum 150 tələbə iştirak edir”.
Bildirilib ki, humanitar fənlər üzrə imtahanlarda tələbələrə 1 saat 20 dəqiqə, riyaziyyat, ekonometrika fənləri üzrə isə 2 saat vaxt verilir.
Sonra “ictimai nəzarətçi”lər ADİU-nun bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.
Magisturatura, MBA, “ Sabah qrupları”da imtahanların yazılı keçirildiyini bildirən R.Qasımov əlavə edib ki, yazılı imtahanlar zamanı tələbələrə əvvəlcədən hazırlaşa bilmələri üçün 75 sual təqdim edilir və həmin suallardan 7-si imtahana düşür.
R.Qasımov deyib ki, imtahanlara nəzarət üçün 34 nəfərdən ibarət komanda mövcuddur. Bu komandaya “Tutor” xidmətinin bir nümayəndəsi, laborant, tədris metodik köməkçi heyətinin nümayəndəsi daxildir. Yəni, imtahanlarda müəllimlər şəxsən nəzarətçi kimi iştirak etmir.
İmtahanlardan sonra jurnalistlər ADİU-nun, professor Ədalət Muradovla görüşüblər. Rektor universitetdə aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb.
Qeyd edək ki, İqtisad Universitetində qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.