Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.