Heydər Əliyev Mərkəzindən möhtəşəm FOTOSESSİYA
02 sentyabr 2013 16:43 (UTC +04:00)

Heydər Əliyev Mərkəzindən möhtəşəm FOTOSESSİYA

2007-ci ildə burda bir binanın təməli qoyuldu. Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Layihəsində heç bir düz xətt olmayan bu qeyri-adi, mürəkkəb quruluşlu binanın tikintisi 5 il ərzində gerçəkləşdi . Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.

 

Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir.

 

Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətini Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi təşkil edir. Burada məlumatlar iki xətt üzrə yerləşdirilib: Heydər Əliyev irsinin öyrənilməsi və tədqiqi və Azərbaycan tarixində baş verən ən mühüm hadisələr.

 

Mərkəzdə toplanan məlumatlar ziyarətçilərə  interaktiv formada çatdırılır.  Bu da mərkəzin  modern üslubu ilə həmahəngdir. Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu foto və video şəkildə təqdim olunur.

 

Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər isə müasir avadanlıqla təchiz edilən otağa baş çəkə bilər. Muzeyin ən maraqlı bölmələrindən biri də ümummilli liderin  müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.

 

Muzeyin beynəlxalq əlaqələr bölməsində məlumatlar qlobus vasitəsi ilə çatdırılır. Belə ki, qlobusun üzərində göstərilənlər hansısa bir ölkənin adına toxunduqda Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda əksini tapır.

 

Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası,  şəxsi əşyaları,  müxtəlif illərdə aldığı orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı qiymətli hədiyyələr də nümayiş etdirilən eksponatlar sırasındadır. Heydər Əliyevin xatirəsinə ucaldılan abidələr isə qonaqlara maraqlı formada təqdim edilir....

 

Heydər Əliyevin fəaliyyəti dövrü ərzində onun istifadəsində olan 4 avtomobil də muzeydə nümayiş olunur.

 

 

Mərkəz paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirməkdə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7798
avatar

Oxşar yazılar