“Hər il respublikada 300-ə yaxın uşaq xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyi olan talassemiya ilə doğulur”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə həmçinin diqqətə çatdırılıb ki, uzun illər xəstəliyin diaqnozunun vaxtında qoyulmaması və bunun nəticəsində lazımi müalicənin aparılmaması, eləcə də müalicənin keyfiyyət səviyyəsinin aşağı olması səbəbindən xəstələrin bəziləri erkən yaşlarında dünyasını dəyişir, əksəriyyəti isə tam dəyərli həyat sürə və cəmiyyətə inteqrasiya ola bilmirdi. Amma son 10 ildə bu sahədə maarifləndirmə işinin gücləndirilməsi sahəsində əhalinin xəstəliyin müayinəsi ilə bağlı müraciətlərinin çoxalması və nəticədə talassemiya hallarının artması müşahidə olunub. Həmin xəstələrə tibbi yardımın gücləndirilməsi məqsədi ilə Azərbaycanın 8 bölgəsində qan bankı bölmələri və hematoloji kabinetlər yaradılıb. Hazırda ölkədə talassemiyanın yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (xüsusilə bu, yeni ailələrə aiddir) üzrə fəaliyyət aparılır.