Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, hamilə qadın “təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır.
Həftədə 1 dəfə təşkil edilən məşğələlərdə hamilə qadınlarla bərabər həyat yoldaşları və ailə üzvlərindən olan şəxslər iştirak edirlər.
Məşğələlər zamanı eyni zamanda hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir.
Hamilə qadının həyat tərzinin dəyişdirilməsi, açıq havada gəzinti, düzgün qidalanma, gigiyenik qulluq (dəriyə, dişlərə və s. bədən üzvlərinə) barədə məsələlər də xüsusilə vurğulanır.
Sonrakı məşğələlərdə doğum evinə hazırlıq, doğuşda əməkdaşlığın rolu, doğuş əlamətləri, doğuş və ondan sonrakı dövr haqqında ətraflı məlumat verilir.
Bildirək ki, məşğələlərdə reproduktiv sağlamlıq və ailəmin planlaşdırılması məsələlərinə isə (xüsusən abortdan azaldılması, kontraseptiv vasitələrdən istifadə) xüsusi diqqət verilir.
Qeyd edək ki, bu məşğələlər zamanı ayda bir dəfə hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin rolunun əhəmiyyəti barədə məlumat verilməsi üçün psixoloq dəvət olunur.