Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. Departamentdən Lent.az-a verilən məlumata görə, oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
***
Oktyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 16-19 dərəcə, günün birinci yarısında 20-23 dərəcə, ikinci yarısında 15-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 20-25 dərəcə, dağlıq rayonlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.