Respublika Gigiyena və Epidemiologiya Mərkəzi planlı yoxlamaları bütünlüklə dayandırıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
İ.Abdullayevin sözlərinə görə, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” ilə bağlı imzaladığı fərmana əsasən, noyabrın 1-dən bütün yoxlayıcı orqanlar tərəfindən sahibkarlıqda aparılan planlı yoxlamalar dayandırılmalıdır.
İ. Abdullayev qeyd edib ki, bu növ yoxlamaların aparılmasına yol verilən siyahının təsdiq edildiyi digər fərmana əsasən, yoxlamalara nəzarətedici orqan olaraq İqtisadi İnkişaf Nazirliyi təyin edilib: "Yəni bütün yoxlamaların hər biri İqtisadi İnkişaf Nazirliyinin razılığı ilə aparılacaq. Və təbii olaraq bu Nazirlik tərəfindən insanların həyat sağlığına təsir göstərən faktlar araşdırılacaq, sadəcə qiymətləndirildikdən sonra yoxlamaların aparılmasına icazə veriləcək.
Amma yoxlamaların aparılma qaydası, müraciətlərin dəyərləndirilməsi, yoxlamanın aparılıb aparılmamağı, göstərilən faktların həqiqətən də insan sağlığına təsir göstərib göstərməməyi birbaşa İqtisadi İnkişaf Nazirliyinin nəzarətində olacaq. Və İqtisadi İnkişaf Nazirliyinin icazəsindən sonra yoxlama müəyyən orqanlar tərəfindən aparıla bilər.
Fərmanın digər bəndinə əsasən, təxirəsalınmaz yoxlamalar da yenə İqtisadi İnkişaf Nazirliyinin razılığı ilə həyata keçiriləcək”.
İ. Abdullayev onu da əlavə edib ki, yoxlamalara dair bütün prosedur və qaydalar tam qüvvəyə mindikdən sonra İqtisadi İnkişaf Nazirliyinin razılığı əsasında icazə veriləcək yoxlamalar yenidən həyata keçiriləcək.