Bu gün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin inzibati binasında məhkəmə aparatı işçiləri üçün "Məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və beynəlxalq standartlar" mövzusuna həsr olunmuş seminar keçirilib. Lent.az-ın məlumatına görə, seminar Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM), Ədliyyə Akademiyasının təşkilati və AR-nın Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində təşkil olunub.
Seminarda Gəncə Apellyasiya, Gəncə Ağır Cinayətlər, Gəncə İnzibati-İqtisadi, Gəncə şəhər Nizami Rayon, Gəncə şəhər Kəpəz Rayon, Gəncə Hərbi, habelə Samux Rayon məhkəmələrinin 30-dək işçisi iştirak edib. Tədbiri giriş sözü ilə açan AHİM-nin sədri Anar Bağırov seminarın məhkəmə aparatı işçilərinin fəaliyyətində əhəmiyyətini və analoji tədbirlərin korrupsiya ilə mübarizədəki xüsusi rolunu qeyd edib, QHT-lərin bu sahədə işinin səmərəliliyi barədə iştirakçıları məlumatlandırıb. Daha sonra seminarın iştirakçılarını salamlayan Gəncə Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Rafiq Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində məhkəmə aparatı işçilərinin maarifləndirilməsinin önəmini vurğulayıb, vətəndaş cəmiyyəti institutlarının bu işə mühüm töhfə verə bilmə imkanlarını müsbət qiymətləndirib.
Ədliyyə Akademiyasının Məhkəmə aparatı işçilərinin tədrisi fakültəsinin dekan əvəzi Əfqan Ələkbərov məhkəmə aparatı işçilərinin etik davranış standartları mövzusunda tədrisinin ölkə başçısı tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı son illərdə imzalanmış sənədlərdə xüsusilə qeyd olunduğunu bildirib, tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Sonra seminar AHİM-nin sədri Anar Bağırov və Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə sektorunun böyük məsləhətçisi Zahid Məmmədovun mühazirələri ilə işini davam etdirib.
Qeyd edək ki, layihəyə əsasən, AHİM tərəfindən 3 yeni kitab nəşr edilib. Keçirilmiş seminarın səmərəliliyi nəzərə alınaraq Ədliyyə Akademiyası və AHİM tərəfindən növbəti tədbirin Bakı şəhərində təşkili qərara alınıb.