Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Gəncədə yerli üzvlər və fəal gənclərlə görüş keçirib. Lent.az-ın məlumatına görə, toplantıdan öncə DANİB rəhbərliyi ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül-çiçək dəstəsi qoyub. Dövlət himninin səslənməsindən sonra DANİB-in Gəncə şəhəri üzrə koordinatoru Nicat Ağayev çıxış edərək təşkilatın region gənclərini daim diqqət mərkəzində saxladığını deyib və 2014-cü il ərzindəki fəaliyyətlərinin məhsuldar olduğunu bildirib.
Nicat Ağayev görüşün məhz yerli gənclərin istəyi əsasında reallaşdırıldığını və toplantıya 70-dən artıq şəxsin qatıldığını qeyd edib. Toplantıda YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edib.
DANİB-in 2014-cü ildə həyata keçirdiyi təlim və seminarların hamısında Gəncə gənclərinin də fəal iştirak etdiyini deyən təşkilat sədri Elməddin Behbud vətəndaş cəmiyyətinin inkişafı, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzvlərinə düşən ictimai məsuliyyətə hər zaman ciddi münasibət bəslədiklərini və regionları daim diqqət mərkəzində saxladıqlarını qeyd edib.
Görüşün və təlimin keçirilməsində əsas məqsədin Gəncə gənclərinin maarifləndirilməsi və təşəbbüs və təklifləri canlı olaraq dinləmək olduğunu deyən Elməddin Behbud toplantıda gözlədiyindən də böyük fəallıqla rastlaşmaqlarından məmnunluğunu ifadə edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdə toplantıya qatılaraq yerli gənclərin maraqlarının daim diqqət mərkəzində saxlanıldığını və 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilən Gəncənin tamlıqla abad və modern infrastruktura malik şəhərə çevrilməsi üçün görülən işlər haqqında məlumat verib.
Sonra təşkilatın yaranmasının 13 illiyinə həsr olunan video çarxın təqdimatı olub.
DANİB İdarə Heyətinin üzvü Turac Musayev, Birliyin üzvləri Fərid Məhərrəmli, Ləman Heydərova və digər şəxslər çıxışlarında DANİB-in 13 illik təcrübəyə malik olan, ölkənin fəal gənclər təşkilatlarından biri olduğunu vurğulayaraq Birliyin fəaliyyət prioritetlərini region gəncləri ilə birgə müzakirə etməyə hazır olduqlarını bildiriblər. Sonra “Fərdi İnkişaf” mövzusunda təlim başlayıb.
Təlimçi Fəxri Məmmədli mövzu haqqında məlumat verdikdən sonra iştirakçılar qruplara bölünüb və 2 saat müddətində müxtəlif nəzəri biliklər qeyri-formal təhsil üsulu ilə, qrup oyunları vasitəsi ilə öyrənilib.