Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, tədbir iştirakçıları H. Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edibər.
Tədbiri giriş sözü ilə açan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, bu gün müstəqil, qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu üçün hər bir azərbaycanlı Heydər Əliyevə borcludur. O, istər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə, istərsə də 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədəki ictimai-siyasi xaos və iqtisadi böhrana son qoyaraq vətəndaş qarşıdurmasının, dövlətin məhv olmaq təhlükəsinin qarşısını alıb. Məhz xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və fəaliyyəti nəticəsində ölkə həyatının bütün sahələrinə nüfuz etmiş dərin böhran aradan qaldırılıb, milli-mənəvi həmrəylik və ictimai-siyasi sabitlik təmin edilmiş, demokratik institutlar bərqərar olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli liderin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan daha da güclənib. Heydər Əliyevin yürütdüyü siyasət, həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı islahatlar nəticəsində ərazi bütövlüyümüzü qorumağa qadir qüdrətli silahlı qüvvələr yaranıb, əhalinin rifahı yaxşılaşıb, ölkə iqtisadiyyatı inkişaf edib.
Nazir qeyd edib ki, prezident İlham Əliyev də məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhkəm özüllər üzərində respublikanı daha da inkişaf etdirib, regionun liderinə çevirib, beynəlxalq nüfuza malik bir dövlət formalaşdırıb: "Mən Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyi və onun əməkdaşları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcək" deyən fövqəladə hallar naziri qeyd edib ki, bütün Azərbaycan xalqı kimi, nazirliyin hər bir əməkdaşı inanır ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunacağı gün uzaqda deyil.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu və banisi olan Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.