“Araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir”.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda söz açıb.
İ.İsayev bildirib ki, erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını deyilsə də aztəminatlı olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir.
Nazir müvainin sözlərinə görə, aparılan araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir: " Ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil edir, onların 47,4 %-inin gənc qızlardır. Hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 0,43%-i təşkil edir. Bunların 45,5%-i gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili vardır”.
Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu, 20,6%, İspaniyada - 49,3, Xorvatiyada - 43,6, İtaliyada - 41,5%-dir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib”.
İ.İsayev araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini qeyd edib.
Nazir müavini bildirib ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir: “Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir”.