“Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır. Ailə Məcəlləsində də qeyd olunduğu kimi 18 yaşdan aşağı nikah erkən nikah və ya uşaq evliliyi sayılır”. Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqları şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov deyib.
Onun sözlərinə görə, erkən nikahlar ilk öncə uşaq hüquqlarının birbaşa pozulmasıdır: “Ölkəmiz 1992- ci ildə Uşaq hüquqları konvensiyasına qoşulub, 1998-ci ildə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilib. Erkən nikah həm uşağın hüququnun, həm də ölkənin qanunlarının pozulmasıdır. Qızların erkən yaşda ərə getməsi gələcəkdə onlara bir sıra problemlər yaradır. Bu ilk öncə qızların təhsildən yayınma halları ilə bağlıdır. İkinci tərəfdən bu, sağlamlıq məsələləri ilə əlaqəlidir. Erkən nikah quran qız nəinki özünün, gələcəkdə uşaqlarının da sağlamlığını təhlükəyə atır. Ona görə də mühüm tədbirlər görülməlidir ki, erkən nikaha yol verilməsin”.
Fərid Ədilov bildirib ki, erkən nikahların iştirakçılarının yaşı çatmadığı üçün bu münasibətləri rəsmiləşdirmir və nəticədə rəsmi statistika aparılmır: “Son iki ildir Komitənin nəzdində Ailə və Uşaqlara Dəstək Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər 11 regionumuzda var, son iki il ərzində bu regionlarda 20 erkən nikah qeydə alınıb və bunlardan 17 halın qarşısı vaxtında alınıb. Bəzən bizə ailənin qonşuları tərəfindən də müraciət olunur. Həm də monitorinq qrupları da yaradılıb ki, bu qruplar da həm qadınlara qarşı zorakılığın qarşısını almaq və erkən nikah məsələləri ilə məşğul olur. Bizimlə sıx əməkdaşlıqları var. Maarifləndirmə tədbirlərinin də əhəmiyyəti böyükdür. Ola bilsin ki valideyn erkən nikahla bağlı o qədər də məlumatlı deyil, problemin mahiyyətinə varmır. Maarifləndirmə tədbirləri təkcə Bakı şəhərini deyil, Azərbaycanın bütün bölgələrini əhatə edir”.
Fərid Ədilov problemə uşaqların da öz baxışlarının olduğunu deyib: “Onların 30 faizi düşünür ki, bu məsələdə məsuliyyət valideynlərin üzərinə düşür, 70 faiz isə məsuliyyətin hökumətin üzərinə düşdüyünü deyir. Bizim də bu gün fikrimiz odur ki, imkanlardan faydalanaraq birgə fəaliyyəti gücləndirmək və nəzarəti daha da artırmaq lazımdır. Qızların təhsil imkanlarının və peşə bacarıqlarının artırılması ilə bağlı sosial layihələr həyata keçirilir. Qızlar üçün təqaüdlü proqramların hazırlanması nəzərdə tutulur, bu həm də ailənin üzərinə düşən yükün müəyyən qədər azalması deməkdir”.