Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC-də Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 21 il ötdüyünü xatırladaraq, torpaqların ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.
Nazir müavini qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, eyni zamanda sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar edir, ehtiyacı olanların yaşayış sahəsində təmir işləri aparılır, müalicəyə göndərilir, yubiley günlərində xatırlanır, övladlarının məşğulluğu, işlə təmini ilə bağlı etdikləri müraciətlər müsbət qarşılanır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E. Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.