Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edib. Fondun icraçı direksiyasından Lent.az-a verilən məlumata görə, maliyyə həcmli 10 min manatadək olan qrantların verilməsini nəzərdə tutan cari müsabiqənin maliyyələşdirilməsinin cəmi həcmi 100 000 manatdır.
Müsabiqəyə 1 dekabr 2013-cü il – 30 mart 2014-cü il tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında (bir ayadək) iştirak etmək istəyən şəxslər ərizə verə bilərlər. Ərizələr 3 sentyabr – 4 oktyabr tarixlərində qəbul olunacaq.
3-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin oktyabrın sonunda açıqlanması planlaşdırılır.
“Mobillik qrantı”nın ölkədə elmi kadr potensialının formalaşdırılmasında xüsusi rolu
var. Müsabiqənin ildə ən azı 3 dəfə elan edilməsi alimlərə daha çox elmi tədbir və
təcrübəartırmalarda iştirak imkanı yaradır. Elmin İnkişafı Fondu digər analoji qrantlardan fərqli olaraq nəinki ənənəvi səyahət xərclərini, eyni zamanda tədbirin qeydiyyatı, viza, sığorta, təcrübəkeçmənin baş tutduğu təşkilatla bağlı və digər xərcləri də ödəyir. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.