Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın təsdiqi haqqında əmr verib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni qaydalar ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil ediləcək.
Şagirdinn fiziki sağlamlıq və psixolji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə, aydın, rabitəli nitq və çevik təfəkkürə malik olması təhsili vaxtından əvvəl bitirməsinə əsas verir.
Şagirdin ümumi hazırlıq səviyyəsi, psixoloji dayanıqlığı, idraki inkişafı müəyyən olunmuş vaxtda Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar araşdırılır və yekun rəy Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilir. Həmin rəyə görə, şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi tövsiyə olunursa, bu barədə aidiyyəti yerli təhsil idarəetmə orqanına məktub göndərilir. Həmin məktub əsasında şagirdin ikinci yarımildən etibarən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır və məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin müvafiq olaraq VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.