Azərbaycanda 176 000 baş mal-qara bunyavirus xəstəliyinə yoluxub
Bu gün Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) iribuynuzlu heyvanlar arasında yayılan bunyavirus xəstəliyi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, DBX-nin sektor müdiri Ramiz Salmanov bildirib ki, bu xəstəliyə yoluxan heyvanlara ilkin baytarlıq yardımı etmək məqsədi ilə preparatlar sifariş olunub: "Biz lazım olan preparatların siyahısını Səhiyyə Nazirliyinə təqdim etmişik. Problem yaranan yerlərə həmin dərmanlar çatdırılacaq”.
R. Salmanov vətəndaşlara müraciət edərək bildirib ki, bu dərmanlar çox da bahalı deyil: “Həmin dərmanları apteklərdən alıb heyvanlarını müalicə etsinlər. Həmin preparatların ən bahalısı 2 manatdır. Ölən heyvanların da ətindən istifadəni məsləhət görmürük. Eyni zamanda insanlar 3 günə sağalan heyvanları kəsməsinlər, çünki bu virus xəstəliyinin müalicəsi xeyli davam edir”.
DBX təmsilçisi 176 000 heyvanın bu virusa yoluxduğunu, 52 baş heyvanın öldüyünü, 59 baş heyvanda isə balasalma olduğunu açıqlayıb: “Amma bu ölüm halları həmin virusla bağlı olmayıb. Mən tam əminliklə deyə bilərəm ki, ölən heyvanlar qızdırma xəstəliyindən ölüb".
O da qeyd olunub ki, mal-qara əti bazarlara təhvil verilməmişdən əvvəl ciddi şəkildə yoxlanılacaq. Hazırda bu istiqamətdə DBX gücləndirilmiş iş rejiminə keçib.