Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçirildi
31 may 2016 14:32 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçirildi

Bu gün Bakı Ali Neft Məktəbində “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.

 Konfransda “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” adlı ilk plenar məruzəni “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson söyləyib.

Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, Dövlət Gömrük Komitəsinin baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər - beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.

 Qeyd edək ki, konfransın işi bu gün başa çatacaq.

 Konfransın son bölməsində Bakı Ali Neft Məktəbininvə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müəllimlərinin “Azərbaycan gömrük xidmətinin tarixi və inkişaf mərhələləri”, “Avropa İttifaqının hüququ və Azərbaycan Respublikasının hüquq sistemində aksiz vergisinin hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın gömrük tənzimlənməsi”, “Azərbaycan post-neft dövründə”, “Qaçaqmalçılıqla mübarizə”, “Yerli iqtisadiyyatda kənd təsərrüfatının rolu”, “Ümumdünya gömrük əməkdaşlığı: çağırışlar və perspektivlər”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadiyyat və gömrük: qarşılıqlı təsirlər”, “İqtisadi artım və tənəzzül”, “Azərbaycanın gömrük sistemində “bir pəncərə” sistemi” və “Beynəlxalq ticarətdə risklər” adlı məruzələri dinləniləcək.

# 314
avatar

Oxşar yazılar