Dekabrın 5-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun təsdiq olunması ilə bağlı Sərəncam imzalayıb.
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinə əlavə olunan 168-1-ci maddədə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərinin pozulması halları ilə əlaqədar nəzərdə tutulan cəzalar əksini tapıb. Həmin maddəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bundan başqa, həmin əməllər təkrar, habelə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.