Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər əlilliyi olan şəxs Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.
Əlilliyi olan şəxslərin yola salınması zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev qeyd edib ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən artıq 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ötən il göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin ötən illə müqayisədə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Bu gün 20 nəfər əlilliyi olan şəxsin Türkiyəyə göndərilməsi ilə bu təbəqədən olan şəxslərin xaricdə bərpa-müalicəsi ilə bağlı cari il üçün nəzərdə tutulan tədbirlər artıq başa çatdırılır.
S.Abdullayevin sözlərinə görə, təkcə cari ilin 9 ayında nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, 2526 nəfər müvafiq şəxs müalicəsi ilə əlaqədar sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilib, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib.