Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 15-20, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, sentyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75,0 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. Sentyabrın 1-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66,0 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir.
Sentyabrın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 2 sm, Bankədə 28 sm artım, Salyanda 2 sm, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm, Salyanda 133 sm, Bankədə 225 sm, Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2012-ci il sentyabrın 1-də 130 sm) təşkil edir.