“Cari ildə 1800-ə yaxın müəllim məhz həvəsləndirmə tədbirləri tətbiq olunmaqla ucqar kənd məktəblərindəki vakant yerlərə göndərilib və orada fəaliyyətə başlayıb”.
Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Təhsil Tv-nin “ Həftənin Sualı” proqramında çıxışı zamanı deyib.
F. Qədirovun sözlərinə görə, 2015-2016-cı tədris ilində həvəsləndirmə tədbirləri üçün bölgələrə təyinat alan müəllimlərin sayı ötən illərə nisbətən xeyli artıb. Ötən illər bu rəqəm çox aşağı idi.
Təhsil Nazirliyinin mütəmadi olaraq gənc müəllimlərin sosial müdafiəsi üçün təşəbbüslər irəli sürdüyünü bildirən şöbə müdiri qeyd edib ki, 2010-cu ildə ucqar rayonlara təyinat alan bu müəllimlər üçün həvəsləndirmə tədbirlərinin həcmi müəyyən qədər az olub: “ Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən hökumət qarşısında vəsatət qaldırıldı və həmin müəllimlər üçün nəzərdə tutulan əmək haqqına əlavənin həcmi artırıldı”.
F.Qədirov əlavə edib ki, nazirlik cari ildə də gənc mütəxəssislərin sosial müdafiəsi ilə əlaqədar təklifləri hazırlayıb hökumətə təqdim edib: “Həmin təkliflərə əsasən ucqar kəndlərdə çalışan gənc müəllimlərə torpaq sahəsinin ayrılması, ipoteka kreditinin verilməsində güzəştlərin edilməsi öz əksini tapıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il qərarına əsasən ucqar kəndlərdə işə başlayan gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq edilməyə başlanılıb. Həmin qərar qəbul edildikdən sonra 4 mindən çox müəllim ucqar kənd məktəblərinə göndərilib.
Hökumətin qərarına əsasən, həmin müəllimlərə 60 manat məbləğində kommunal xidmət və kirayə haqqının ödənilməsi üçün kompensasiya verilir.
Eyni zamanda rayon mərkəzindən 20 km məsafədə yerləşən məktəbdə çalışan müəllimlərə isə əmək haqqından 100 manat əlavə ödənilir. Bundan başqa, belə müəllimlər təyinat yerinə getmək üçün nəqliyyat xərcləri, əmlakın daşınması, ilkin yaşayış şərtlərinin yaradılması üçün əməkhaqqının iki misli məbləğində vəsait ayrılır.
Bununla yanaşı, hökumətin qərarında gənc mütəxəssislərə torpaq sahəsi ayrılmasını təmin etmək üçün yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə tapşırılıb və bu istiqamətdə tədbirlər həyata keçirilir.