Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb. İyunun 14-də gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.