28 Aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.
BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələləri istiqamətində apardığı işlər sayəsində ötən il ərzində ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 45,5 faiz, xəsarət alanların sayı isə 40 faiz azalıb.
Bundan başqa, bildirək ki, Azərbaycanda işləyən əhali tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunub.
Qeyd edək ki, Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən hər il aprelin 28-də qeyd olunur.