Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IX siniflərin buraxılış imtahanı üzrə 2117, XI siniflərin buraxılış imtahanı üzrə 18113 şagird imtahan verəcək.
Buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 132 imtahan mərkəzi ayrılıb.
Qeyd edək ki, IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.
İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.