İyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclası keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclasda nazirliyin kollegiya üzvləri, şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Baytarlıq Xidmətinin məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və tabeliyində olan baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak edib.
İclası kənd təsərrüfatı naziri Heydər Əsədov açaraq ölkə rəhbəri tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata keçirilən institutsional islahatlardan danışaraq, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Nəzarəti Xidmətinin müstəsna rolu olduğunu qeyd edib.
İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat verib.
İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənilib.
İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəsini təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilib; 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilib, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilib, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılıb.
Daha sonra 28 BSEL-nın müdir vəzifələrinə, şəffaflıq yolu ilə yeni rəhbərlər təyin olunub.