Binəqədi rayonunda orduya dəstək tədbirləri keçirilib
05 aprel 2016 18:24 (UTC +04:00)

Binəqədi rayonunda orduya dəstək tədbirləri keçirilib

 

Bu gün təmas xəttində baş verən hadisələrlə bağlı Binəqədi rayon İcra Hakimiyyətində toplantı keçirilib. Lent.az-a daxil olan məlumata görə, keçirilən toplantıda Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov,  rayonun hüquq mühafizə orqanları, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri, ictimai birliklər,  İctimai Şuranın üzvləri, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər, ASAN könüllüləri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov tədbiri giriş nitqi ilə açıb,  Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Daxil olan məlumata görə, daha sonra   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Şəhid anası  Pikə Əliyeva, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin fəalı, əsgər bacısı Nərgiz Qurbani çıxış edərək Azərbaycan ordusunun gücündən, dövlət başçımızın apardığı uğurlu siyasətdən söhbət açaraq torpaqlarımızın tezliklə azad olunacağını diqqətə çatdırıb və bu gün burda keçirilən tədbirin yaxın zamanda Qarabağda keçirərək Azərbaycan bayrağını dalğalandıracaqlarını bildiriblər.

 

Yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin hər dəfə öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulayıb, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq deyib: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Natiq bildirib ki, Azərbaycan ordusunun qüdrəti, düşmənə layiqli cavab verməsi bir daha sübut edir ki, Azərbaycan dövləti etibarlı əllərdədir. Eyni zamanda natiq çıxışında bildirib ki,  insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: "Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu gün hər birimiz  həmrəy olaraq Qələbəyə gedən yolda ölkə başçımızın, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik". 

  Çıxışlardan sonra YAP Binəqədi rayon təşkilatının Biləcəri qəsəbə gənclər təşkilatının sədri , rayonun fəal gənci Sahib Hacızadə toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə müraciəti səsləndirib.

 Daha sonra isə Azərbaycan Respublikasının əməkdar artisti                              Ağalar Bayramovun ifasında hərbi–vətənpərvərlik mövzusunda şeir kompozisiyası səsləndirilib, hərbçilər, “Şahin” hərbi-idman oyunun iştirakçıları və rayonun gəncləri hərbi vətənpərvərlik mahnılarının sədaları altında böyük Azərbaycan bayrağını  açaraq, dalğalandırıblar.

   Toplantı bitdikdən sonra YAP Binəqədi Rayon Təşkilatının qarşısında Yeni Azərbaycan Partiyasının gənc fəalları, ASAN könüllüləri, rayonun tələbə gəncləri əllərində Azərbaycan bayraqlarını dalğalandıraraq “Şəhidlər Ölməz”, “Vətən Bölünməz” şüarlarını səsləndirərək mitinq keçiriblər.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar