Yanvarın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan məlumata görə, Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəsədləri atıldığı bildirilib.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məlumata istinadən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və cəsədlərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlara məxsus olduğu müəyyən edilib. Artıq həmin cəsədlərdə çürümə prosesi gedib.
Bildirək ki, özbaşına əraziyə atılmış donuz cəsədləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilmiş və ərazi dezinfeksiya edilib.
Daha sonra DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirərək hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmədiyini aşkar ediblər.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev heyvanlarında, eləcə də donuzlarda özbaşına müalicə və profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq, tələfat halları olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə məlumat verilsin, bütün müalicə və profilaktika, eləcə də zərərsizləşdirilmə tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Tələf olmuş heyvanların kənar yerlərə atılmasına yol verilməsin.
Qeyd edək ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və sabitliyə tam nəzarət olunur.