"Avropa İİV-ə testləşmə həftəsi” aksiyası keçirilib
20 noyabr 2015 18:45 (UTC +04:00)

"Avropa İİV-ə testləşmə həftəsi” aksiyası keçirilib

QİÇS-lə Mübarizə Mərkəzi (RQMM)  "Avropa İİV-ə testləşmə həftəsi”  (European HIV Testing Week) kampaniyası çərçivəsində aksiyaların keçirilməsinə start verib. 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, Bakı Dövlət Universitetində keçirilən ilk tədbirdə 500-ə yaxın tələbə İİV-ə ekspress-testdən keçib.

Mərkəzin mütəxəssisləri tələbələrə İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verib, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və digər informasiya materialları paylayıblar.

Aksiyada iştirak edən  tanınmış aktyor Bəhram Bağırzadə gənclərə idman etməyi, sağlam qidalanmağı, açıq havada gəzməyə üstünlük verməyi  və sağlıqlarına qarşı daha da məsuliyyətli olmağı tövsiyə edib.

 

Bundan başqa, bu gün keçirilən "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində Şamaxı Humanitar kollecində də tələbələrin İİV-lə bağlı könüllü müayinəsı aparılıb və məsləhət məntəqələri təşkil olunub.

 

Mərkəzdən bildirilib ki, "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində sabah Bakı Beynəlxalq Avtovağzalı, Salyan rayonu alış-veriş mərkəzlərində, Qazaxda “Qırmızı Körpü” sərhəd keçid məntəqəsində və Qazax şəhər yarmarkasında səyyar müayinə və məsləhət məntəqələrinin təşkil olunması nəzərdə tutulur.


Xatırladaq ki, ilk dəfə "Avropa İİV-ə testləşmə həftəsi” 20 beynalxalq təşkilatın təşəbbüsü və  Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə 2013-cü ildə keçirilib. O zaman bu təşəbbüsə  Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatları, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub. 

Bildirək ki, ali təhsil müəssisələrində İİV-lə bağlı könüllü müayinə aksiyaları  Gənclər və İdman Nazirliyinin təşkilati-dəstəyi ilə keçirilir.

Qeyd edək ki, "Avropa İİV-ə testləşmə həftəsi” ümumavropa müayinə və maarifləndirmə kampaniyası noyabrın 27-nə qədər davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Fərizə Əhmədova

Oxşar yazılar