Türkiyənin Bayburt şəhərində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Lent.az-ın məlumatına görə, BEKDER-in təşkilatçılığı ilə keçirilən təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər qatılıb.
Bayburt valisi, Bayburt Universitetinin bir çox alimləri, o cümlədən Türk dünyasından bir çox insanlar da “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araştırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər.
Qənirə Paşayeva bildirib ki, tədbirin keçirildiyi bu gün Ermənistanın Ağdam bölgəsini işğalından 22 il keçir və ağdamlılar hələ də öz evlərinə dönə bilmirlər və onlar da daxil olmaqla 1 milyon insanımız hələ də məcburi köçkün həyatı yaşayırlar. Ermənistanın Ağdamla azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmasından danışan millət vəkili rəsmi İrəvan işğal etdiyi bütün Azərbaycan torpaqlarında bu cür vandalizm aktları törətdiyini bildirib.
Millət vəkili Qarabağ münaqişəsi ilə bağlı konfrans verib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas və başqalarının Qarabağ mövzusunda hekayələri yer alıb.