Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən tarix elmləri doktoru Quram Marxuliyanın müəllifi olduğu “Azərbaycanlıların Soyqırımı” kitabının təqdim etmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə kitabın müəllifi, prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş, tarix elmləri doktoru Quram Marxuliya, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru, Rostom Quntaişvili, həmçinin həmin universitetin pedaqoji heyəti və muxtar respublikanın Azərbaycan icmasının rəhbəri Vidadi Axundov və icmanın nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə acan baş konsul Rəşad İsmayılov qeyd edib ki, bu faciə Azərbaycan xalqının və bütün bəşəriyyətin tarixinə bəşəriyyətə qarşı edilən ən qatı cinayətlərdən biri kimi daxil olub və bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən çoxsaylı cinayətlər, o cümlədən Xocalı faciəsi, onun dinc əhaliyə qarşı soyqırım kimi tanınması barədə bütün həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü və davamiyyətli siyasət yürütməkdədir.
Quram Marxuliya ətraflı çıxışı zamanı qeyd edib ki, müəllifi olduğu kitabda əsasən, erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından bəhs edilir.
Tədbir gələn qonaqların hər birinə kitabın təqdim olunması ilə yekunlaşıb.