Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Lent.az-a daxil olan məlumatda bildirilir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
Dekabr ayının 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün, dekabr ayının 2-də, eynilə bir gün müddətinə bağlı qalacaq.
Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.