Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin, piyada zolaqlarının rənglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlanılacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Adı çəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.