Bakı bulvarında yeni qatar, pulsuz Wi-Fi, gəmi turları...
07 may 2015 16:46 (UTC +04:00)

Bakı bulvarında yeni qatar, pulsuz Wi-Fi, gəmi turları...

“Bütün bulvar ərazisində pulsuz Wi-Fi sistemi quraşdırılır, ehtiyac olsa, Avropa Oyunları dövründə bütün obyektlər səhərə qədər işləyəcək. Bundan əlavə, dəniz vağzalından Bayraq Meydanına qədər olan ərazidə marşrut təşkil etməyi nəzərdə tutmuşuq, artıq qatar da sifariş olunub. Gəmi səyahətləri isə səhər saat 10-dan gecə saatlarına qədər davam edəcək”.

 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

 

Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərindən üçünün bulvar ərazisində yerləşdiyini söyləyən Nazim Məcidov bu səbəbdən bulvarda Avropa Oyunlarına ciddi hazırlıq işləri getdiyini deyib: “Avropa Oyunlarının keçiriləcəyi, əvvəllər Əl Oyunları sarayı kimi tanıdığımız İdman Sarayı əsaslı təmirdən sonra artıq istifadəyə verildi. Tədbirlərin keçiriləcəyi digər məkan idman-konsert kompleksi sayılan “Kristal Hall” və bulvarın yeni hissəsində istifadəyə verilən Su Oyunları İdman Sarayı artıq tam hazırdır. Bakı bulvarı təhlükəsizlik baxımından ən etibarlı yerdir. Burada bulvar idarəsinin mühafizə xidməti ilə yanaşı, Daxili İşlər Nazirliyinin və digər orqanların xüsusi müşahidə kameraları ilə də nəzarət həyata keçirilir”.

 

Qonaq yarışlar zamanı Bulvar İdarəsinin gücləndirilmiş rejimdə işləyəcəyini deyib: “Bundan əlavə, bulvardakı bütün obyektlər də gücləndirilmiş rejimdə işləyəcək. Son beş ildə yay mövsümündə bulvarda bütün obyektlər gecə saat 2-yə, 3-ə qədər işləyiblər. Sahibkarlar üçün də uzun müddət işləyərək qazanc əldə etmək önəmlidir. Əgər tələbat olarsa, bulvardakı obyektlər səhərə qədər işləyəcəklər”.

 

Dənizkənarı bulvarın bütün Azərbaycanın qonaq evi olduğunu deyən Nazim Məcidov Bakı haqqında ilk təsəvvürlərin elə bu ərazidən yarandığını deyib: “Əslində, heç kəsi skamya ilə, gül dibçəyi ilə təəccübləndirmək, maraqlandırmaq mümkün deyil. Hər bir xarici vətəndaşı həmin ölkədəki qonaqpərvərliklə, mətbəxlə, mədəniyyətlə təəccübləndirmək olar. Bu baxımdan, bulvarın hər zaman təmiz olması, burada mövcud olan qayda-qanun qonaqlarda bizim əhalinin həyat tərzi barədə ilk təəssürat yaradır. Artıq bulvarın hər yerində ödənişsiz Wi-Fi xidməti təşkil etmək istiqamətində işlər görülür. Bundan əlavə, xarici vətəndaşların ödəniş zamanı çətinlik çəkməməsi üçün bütün obyektlərdə post terminallar quraşdırılır”.

 

Bulvar İdarəsinin rəsmisi ərazidə xidmət göstərən qatarlarla bağlı da məlumat verib: “Hazırda  rəsmi bulvarın uzunluğu 6 kilometrdir. Amma “Kristal Hall”ın ətrafını və Bayraq meydanını da nəzərə alsaq, bulvarın ərazisi 8 kilometrə çatır. Tezliklə, hər iki istiqamətdə genişlənmə sayəsində bulvarın uzunluğu 16 kilometrə qədər uzanacaq. Belə böyük ərazidə piyada gəzmək istəməyənlər üçün ayrı-ayrılıqda üç istiqamətdə hərəkət edən qatarlar fəaliyyət göstərir. Amma çətinlik olmasın deyə, dəniz vağzalından Bayraq Meydanına qədər olan ərazidə yeni bir marşrut təşkil etməyi qərara almışıq. Bu məqsədlə yeni qatarlar da sifariş etmişik və onların Avropa Oyunlarına qədər istifadəyə verilməsi gözlənilir”.

 

Qonaq sahildə həyata keçirilən dəniz turlarının sayının artırılacağını deyib: “Gəmi turları adi vaxtlarda günorta saat 12-dən gecə saat 11-ə qədər davam edirdisə, indi tələbatı nəzərə alaraq səyahətlər səhər saat 10-dan başlayacaq, əgər lazım olsa, gəmilər gecə 2-yə qədər də hərəkət edəcəklər. Dəniz gəzintiləri üçün bizim 3 gəmimiz var, bu gəmilər qonaqları da, şəhər əhalisini də gəzdirməyə kifayət edəcək”.

 

Nazim Məcidov bulvarda fəaliyyət göstərən əməkdaşların da hazırlıqlara cəlb olunduğunu bildirib: “Bulvar İdarəsinin əməkdaşları arasında ingilis dilini bilənlər çoxdur, amma buna baxmayaraq 32 əməkdaşımız kurslara gedir. Artıq bir aydır ki bu kurslar davam edir. Eyni zamanda, bütün obyektlərdə ingilis dilini bilən azı bir-iki nəfərin olması barədə göstəriş vermişik. Yay Olimpiya  Oyunlarına qədər bulvarda fəaliyyət göstərən bütün əməkdaşlarımız üçün gözəl və diqqət çəkən formalar sifariş olunub”.

 

Böyük əraziyə malik dənizkənarı bulvarda kifayət qədər sanitar qovşaqların olduğunu deyən qonaq bütün obyektlərdə sanitar-gigiyenik nəzarətin artırılacağını qeyd edib: “Bulvar ərazisində sanitar qovşaqların hamısı yerin altındadır, sadəcə onu göstərən iki işarə var. Ümumilikdə bu gün bulvarda eyni zamanda hər birində 30-a yaxın adamın istifadə edə biləcəyi 8 yeraltı sanitar qovşaq var. Yay mövsümündə zəhərlənmələrin olma ehtimalını da nəzərə alaraq, bütün obyektlərdə gigiyenik nəzarət gücləndirilir. Əvvəlki illərdə qiymətlərlə bağlı əhali tərəfindən vaxtaşırı şikayətlər olurdu. Biz çalışırıq ki, qiymətlərin artırılması ilə bağlı sui-istifadə halları olmasın, buna yol verən insanlar dərhal cəzalanacaqlar. Bütün obyektlərdə Bulvar İdarəsinin “Qaynar xətt” nömrəsi yazılıb, “Qaynar xətt”ə şikayət olarsa, dərhal fakt araşdırılır və qanunsuzluğa yol vermiş insan həmin dəqiqə işdən azad olunur. Bulvara hər cür insan istirahətə gəlir, əməkdaşlarımızın borcu gələn insanların nazı ilə oynamaqdır”.

 

Yay mövsümündə bulvarda səyyar satışın nəzarət çərçivəsində fəaliyyət göstərdiyindən danışan Nazim Məcidov pərakəndə satışlara icazə verilməyəcəyini bildirib: “Artıq bulvarda səyyar satış var, amma bunlar Bulvar İdarəsinin tam nəzarətində olan, yerləri, sayları dəqiq məlum olan obyektlərdir. Kənardan heç kim nə isə gətirib sata bilməz. Bulvar insanların istirahət yeridir və orada obyektlərin sayı da müvafiq qaydada tənzimlənməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar