[b]Bakı-Sumqayıt yolunda təmir 20 gün davam edəcək - REPORTAJ[/b]
28 iyun 2018 19:45 (UTC +04:00)

[b]Bakı-Sumqayıt yolunda təmir 20 gün davam edəcək - REPORTAJ[/b]

İki gündür Bakı-Sumqayıt avtomobil yolundan istifadə edən vətəndaşlar görünməmiş əziyyət çəkirlər. Çünki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi anomal istilərin müşahidə olunduğu bu günlərdə Bakı-Sumqayıt yolunun 6-11-ci kilometrlik hissəsində, daha dəqiqi, Bakı Beynəlxalq Avtovağzalının qarşısından Xırdalan dairəsinədək olan ərazidə təmir işlərinə başlayıb.
 
 
 
APA TV-nin məlumatına görə, hər gün eyni yolu gedib-gəlmək, dolayısı ilə də günün yarısını tıxacda keçirməyə məcbur olan sürücü və sərnişinlər bu haldan təbii ki, məmnun deyil.
 
 
 
Yolu vaxtında təmir etmək və ya hərənin özünə aid olduğu işi zamanında yerinə yetirmək olmazdımı? Yolda problem yaranıbsa, zamanında da həll olunmalı deyildimi? İndiyədək kimi və nəyi gözləyiblər? Hər gün yaranan və saatlarla davam edən tıxacımı? Yoxsa sürücülərlə sərnişinlərin tarıma çəkilən əsəblərinimi?
 
 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli tıxacda qalmaqdan yorulan sürücülərə yolun təmirə dayanmasının səbəblərini açıqlayıb. O bildirib ki, 2008-ci ildən istismar olunmasına rəğmən, ərazidə indiyədək asfalt-beton örtüyü yenilənməyib:
 
                    
 
 
 
"Aşınma qatında müəyyən problemlər yaşandığından və şəhərin şimal tərəfdən əsas giriş-çıxış yolu olduğuna görə burada əsaslı təmir işləri aparılması zərurəti yaranıb. Çünki bir az da qalsaydı, bu, müəyyən problemlərə gətirib çıxara və yolun daha uzunmüddətli bağlanması ilə nəticələnə bilərdi. Ona görə də belə qərara gəldik ki, yay aylarında əsasən məktəb və universitetlərin bağlı olduğu, intensiv hərəkətin azaldığı bir müddətdə bu işləri həyata keçirək".
 
 
 
Agentlik sözçüsü deyib ki, iyunun 26-dan başlayan təmir işləri ilə əlaqədar körpü və tunel bağlandığından, ərazidən keçən nəqliyyat vasitələri "Şamaxinka" istiqamətinə yönəldilib. Lakin Moskva prospektinin "20 Yanvar" körpüsünə qalxan hissəsində işlər artıq yekunlaşmaq üzrədir:
 
 
 
 
 
"Maksimum iki-üç gün ərzində "20 Yanvar" tuneli ilə körpüdən və tuneldən hərəkət bərpa olunacaq. Burada müşahidə olunan sıxlıq ötən günlə müqayisədə xeyli azalıb. Çünki ötən gün bəzi sürücülərimiz məlumatlı deyildilər və bu istiqamətdə intensiv hərəkət vardı. Əsasən də Sumqayıt istiqamətindən Bakı şəhərinə girişdə müəyyən problemlər yaşanmışdı. Artıq gördüyünüz kimi, avtonəqliyyat vasitələri rahat şəkildə hərəkət edirlər".
 
 
 
Anar Nəcəfli ərazidəki təmir yekunlaşandan dərhal sonra  körpü və tunellərdə hərəkətin bərpa olunacağını bildirib. Növbəti mərhələdə isə "Şamaxı yolu" deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq və digər sahələrdə də əsaslı təmir aparılacaq.
 
 
 
Demək, vətəndaşlara gözləməkdən başqa çıxış yolu qalmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

APA TV

Oxşar yazılar