İspaniyanın Barselona şəhərində Katarakt və Refraktiv Cərrahların Avropa Cəmiyyətinin (ESCRS) 33-cü konqresi keçirilir. Azərbaycan nümayəndə heyətinin də qatıldığı tədbirdə məqsəd göz xəstəlikləri ilə bağlı dünya yeniliklərinin müzakirəsi, əldə olunan nəticələrlə bağlı növbəti tədqiqatlara başlamaqdır.
Azərbaycan nümayəndə heyətinin üzvü, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin dissertantı, həkim oftalmoloq Yazgül Abdiyevanın Lent.az-a verdiyi məlumata görə, aparılan müzakirələr ölkəmizdə göz xəstəliklərinin müalicəsi ilə bağlı yeniliklərin olduğunu göstərib: “Eləcə də katarakt və refraktiv cərrahiyə ilə əlaqədar olaraq tibb sahəsində mühüm irəliləyişlər əldə olunub. Amma oftalmologiya durmadan inkişaf etdiyinə görə, Azərbaycanlı həkimlərin daim bu yenilikləri izləməsi, beynəlxalq tədbirlərə qoşulması vacibdir. Və biz öyrəndiyimiz yenilikləri öz ölkəmizdə tətbiq etməyə çalışacağıq”.
Sentyabrın 5-də başlayan 33-cü konqres sentyabrın 9-da yekunlaşacaq.
Katarakt və Refraktiv Cərrahları Avropa Cəmiyyətinin (ESCRS) baş katibliyi İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir. Təşkilatın konqresləri hər il Avropanın müxtəlif şəhərlərində təşkil olunur. İllik olaraq Avropa, Asiya, Orta Şərq, Amerika və Avstraliyadan 6 min iştirakçı bu tədbirlərə qatılır, təcrübə və fikir mübadiləsi aparırlar.