Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1578 nəfər artaraq 29442 nəfərə çatıb. Bildirək ki, onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir.
Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin aprelin 1-i tarixinə bu sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında artım 6352 nəfər təşkil edib.
Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutir. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir.
Qeyd edək ki, əcnəbilərin sığorta-pensiya sistemi ilə əhatə olunması bu sistemin tələblərinin icrası ilə yanaşı, həmin insanların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına da şərait yaradır.