Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, neft sənayesində çalışmış pensiyaçıların sayı 26 min nəfərdən artıqdır.
Qeyd edək ki, 2001-ci ildə Heydər Əliyevin fərmanı ilə 20 sentyabr “Neftçilər günü” elan edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb. Bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2013-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91,5 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.