Azərbaycanda İİV-ə testləşmə kampaniyası davam edir
30 noyabr 2015 18:43 (UTC +04:00)

Azərbaycanda İİV-ə testləşmə kampaniyası davam edir

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi" və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müayinələr və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirir.

Lent.az-ın məlumatına görə, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhət aksiyası birinci Bakı Dövlət Universitetində keçirilib.

Aksiya zamanı mərkəzin mütəxəssisləri gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 500 tələbə və universitetin əməkdaşları İİV-ə test müayinəsindən keçiblər.

Bununla yanaşı "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində Bədən Tərbiyəsi və İdman Akademiyasında, Texniki Universitetdə, Sabirabadda Dövlət Sosial İqtisadi Kollecində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar Kollecində, Şamaxı Humanitar Kollecində, Şəki Tibb Kollecində, Quba Dövlət Sosial İqtisadi Kollecində, Təfəkkür Universitetində tələbələr arasında İİV-lə bağlı müayinələr aparılıb, onlara broşur və bukletlər paylanılıb.

Qeyd olunduğu kimi Bakı avtovağzalında baş tutan aksiyada əsasən Rusiya, Türkiyə, İran və Gürcüstana gedən eyni zamanda bu ölkələrdən qələn miqrantlar iştirak edib.

"Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində həmçinin Salyan şəhərində əhalinin sıx toplaşdığı yerlərdə səyyar İİV-ə könüllü müayinə və məsləhət məntəqəsi fəaliyyət göstərib. Və məntəqəyə müraciət edən insanlara pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb, İİV-infeksiyası barəsində ətraflı məlumat verilib.

Gəncə Dövlət Universitetində keçirilən konfransda universitet rəhbərliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri iştirak ediblər. Gəncə Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda aparılan test müayinələrində bu iki təhsil ocağının 800 tələbəsi iştirak edib.

Onu da nəzərinizə çatdıraq ki, noyabrın 20-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakıda yerləşən avtobus dayanacaqlarındakı monitorlarında İİV/QIÇS haqqında videoçarx nümayiş olunur.

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2015” möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatları iştirak edir. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib.

Qeyd edək ki, sabahdan “Ümumdünya QİÇS-lə Mübarizə Günü “lə bağlı növbəti 10 gün müddətində müəssisə və təşkilatlarda “QİÇS”lə bağlı müayinə, maarifləndirmə tədbirlərini davam etdirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Fərizə Əhmədova

Oxşar yazılar