“Artıq əhali bilir ki, asan pullar dövrü bitdi”...
“Neftin qiyməti ilə bağlı proqnozlar yaxşı heç nə vəd etmir”...
“Neftin qiymətinin 30 dollara qədər düşəcəyi gözlənilir”...
“Ölkədən kapital axını neftin ucuzlaşmasından sonra ən böyük təhlükədir”...
“Mərkəzi Bankın valyuta ehtiyatı son bir ildə iki dəfə azalıb”...
“Çin yuanının ucuzlaşması növbəti devalvasiya dalğası yarada bilər”...
“Manatın məzənnəsi uzun müddət saxlana bilməz”...
“Üzən məzənnəyə keçid avtomatik devalvasiya deməkdir”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.
Samir Əliyev son vaxtlar əhalinin iqtisadi proseslərlə bağlı maarifləndirilməsinin əhəmiyyətindən danışıb: “İnsanlarda maliyyə savadlılığının artması müsbət haldır, bank sektorunda baş verənlərin bir səbəbi də əhalidə maliyyə savadının olmaması ilə bağlıdır. Hazırda neftin qiyməti düşür, bunun bizim iqtisadiyyata da təsiri var, ancaq bu istiqamətdə müzakirələr çox məhduddur. Məlumatsızlıq həmişə qeyri-müəyyənlik yaradır, çaşqınlıq yaradır. Mərkəzi Bankdan məlumat almaq çox çətindir. Əhali bilir ki, asan pullar dövrü bitdi, bunu ekspertlərlə müzakirə edəndə artıq təşviş yaratmır. Açıqca hər şey deyilməlidir, onda cəmiyyətə neqativ təsirlər az olar”.
Qonaq neftin ucuzlaşması prosesinin hələ davam edəcəyini bildirib: “Gələn ilin yanvar ayı üçün qiymətlər artıq müəyyən edilib. Proqnozlar müxtəlifdir, lakin əsasən qiymətin 30 dollara qədər düşəcəyi ilə bağlı sərt proqnozlar var. Neftin ucuzlaşması sabitləşmə dövrünə çatıb, bundan artıq ciddi ucuzlaşmadan söhbət gedə bilməz. Bir il bundan əvvəl neftin bir barelin qiyməti 100 dollardan çox idi. Qiymət bir qədər də enə bilər, amma 60-70 dollara qalxacağı da gözlənilmir. Hazırda neft sahəsində investisiyalar etibarlı deyil, qızıl da belədir. Bu gün hələlik stabil olan dollardır, ona görə də dollara tələbat var. Tələbat olduğu üçün də dollar getdikcə güclənir, çünki valyuta ehtiyatlarında dolların payının yavaş-yavaş artmasını müşahidə edirik”.
Ekspert hazırda ölkədən güclü kapital axınının təhlükəli olduğunu deyib: “Əhalidə valyuta kursu ilə bağlı ajiotajlar dövri olur. Qazaxıstanda üzən məzənnəyə keçid Mərkəzi Banka 1,2 milyarda başa gəldi. Hazırda Azərbaycandan kapital axını neftin ucuzlaşmasından sonra manat üçün təhlükə törədəcək, bu, ikinci ən böyük problemdir. Mərkəzi Bankın valyuta ehtiyatı bir ildə iki dəfə azalıb, bunu səbəbi təkcə əhalidə təşviş deyil, həm də kapital axınıdır. Bu, dollara tələbatı artırır, Mərkəzi Bank da öz ehtiyatını xərcləməyə məcbur olur”.
Kapital axınının qarşısını almağın uzunmüddətli proses olduğunu deyən Samir Əliyev bu istiqamətdə islahatların vacibliyini vurğulayıb: “Bu qısa müddətə həll edilən bir problem deyil, uzun dövr ərzində yaranmış bu problemin həlli üçün də uzun zaman tələb olunur. İdxalın artması kapitalın axmasını şərtləndirən amillərdən biridir, bu zaman ölkədən valyuta çıxır. Şirkətlərin bağlanaraq digər ölkədə açılması da kapital axınıdır. Başqa səbəb isə əhalinin yastıq altına yığdığı pullar, yəni dollara çevrilən və dövr etməyən pullardır. Başqa ölkələrdə iqtisadi vəziyyətlə bağlı daşınmaz əmlak qiymətlərinin düşməsi də buna təsir edir. Burada dövlət yalnız iqtisadi baxımdan bu prosesin qarşısını ala bilər. Yoxlamaların dayandırılması bu baxımdan müsbət addım idi”.
Qonaq Çin yuanının ucuzlaşmasının növbəti devalvasiya dalğasına səbəb ola biləcəyini deyib: “2016-cı ilin oktyabrından Çin yuanı rəsmən Beynəlxalq Valyuta Fondunun 5 əsas valyutasından biri olacaq. Bu, Çinə üstünlüklərlə yanaşı, çətinliklər də verir. Çin valyutasının ucuzlaşması heç kimə sərf eləmir, 2-3 faiz enmə dünya iqtisadiyyatında gərginlik yaradır. Yuanın Beynəlxalq Valyuta Fondunun səbətinə salınmağının da kökündə bu durur. Gələn ilin oktyabrına qədər Çin öz valyutasını maksimum ucuzlaşdırmağa çalışacaq. On ilə yaxındır ki, ABŞ dolları ucuzlaşdırmaq siyasəti yürüdür. Qazaxıstan Çinə görə öz valyutasını ucuzlaşdırmağa məcbur oldu, eyni ssenari yenə baş verə bilər və bu, Azərbaycan manatına təsir göstərəcək. Azərbaycan manatının məzənnəsinin saxlanılması optimal yol deyil”.
Ekspert manatın ucuzlaşması üçün maliyyə ehtiyatlarının son həddinə yaxın olduğunu bildirib: “Düşünürəm ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatının 5-6 milyarddan artıq aşağı düşməyə qoymayacaq. Hazırda Dövlət Neft Fonduna xaricdən 8 milyondan artıq vəsait cəlb edilib, ilin sonunda büdcə kəsiri 2 milyarda yaxın olacaq və bunu kompensasiya etmək üçün aktivlərə müraciət etmək lazım gələcək. Bununla müəyyən dövr üçün manatın kursu saxlana bilər. 2016-cı ilin əsas büdcəsi qeyri-neft sektorundan asılıdır, elə valyuta rejimi yaratmalıyıq ki, bizim qeyri-neft sektorunu inkişaf etdirsin. Bunun yeganə yolu isə ixracdan keçir. İxrac üçünsə bizdə ya yüksək keyfiyyət, ya da Çin siyasəti lazımdır, yəni ucuz qiymətlə bazara çıxa bilərik. Ucuz qiymət siyasətini yeritmək üçün valyuta rejimi elə bir həddə olmalıdır ki, məsələn, Rusiyaya məhsul çıxaranda qiymətə görə məhsul bazarda qalmasın. Bizdə əsas qeyri-neft sektoru meyvə və tərəvəzdir, bunun da əsas bazarı Rusiyadır. Rusiyada qiymətlər düşür və bizim manatla olan meyvə isə bahalaşır”.
Hazırda iqtisadiyyatın inkişafı üçün kiçik və orta sahibkarlığa diqqətin artırılmasını yeganə çıxış yolu sayan Samir Əliyev bu sahənin ümumi iqtisadiyyatda payının azlığını vurğulayıb: “Hazırda kiçik və orta sahibkarlığın ümumi daxili istehsalda payı 10 faizə yaxındır. Başqa ölkələrdə bu rəqəm 70-80 faizdir. Bir çox dövlətlərdə tətbiq olunan üzən məzənnə üçün isə bizdə şərait olmalıdır. Məsələn, Ukrayna resursdan asılı ölkə deyil, Qazaxıstan və Rusiya resursdan asılı olsa da, bu asılılıq çox deyil. Üzən məzənnə o ölkələrdə səmərə verir ki, həmin ölkələrin iqtisadiyyatı bir gəlirdən asılı deyil. Azərbaycanda isə iqtisadiyyat neft və qaz gəlirlərindən asılıdır, ona görə də üzən məzənnə effekt verməyəcək. Üzən məzənnəyə keçid avtomatik devalvasiya deməkdir. Kurs dəyişməsi sərt olur, bu da biznes və əhalinin yaşayışı üçün təhlükəlidir, Azərbaycanda üzən məzənnəyə keçidi real və optimal hesab etmirəm. İdarəolunan üzən məzənnə haqqında düşünmək olar, lakin istənilən halda, bu, valyuta ehtiyatının azalmasına gətirib çıxardacaq”.