Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir
11 dekabr 2015 18:33 (UTC +04:00)

Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir.

BBMM-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti monitorinqi Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində baş tutub. Monitorinqi Azərbaycanın Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Bağır Bağırov aparıb.

Monitorinqin əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisinin vəziyyəti ilə tanışlıq, ali məktəblərdə fənləri tədris edən müəllimlərlə, tədrisi aparan kafedra əməkdaşları ilə görüş, fənnin tədrisinin perspektivlərini və onun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır.

 

Mərkəzdən bildirilib ki, fənlərin tədrisinin məqsəd və vəzifələri, tədris prosesinin daim dəyişən reallıqlarla necə uzlaşdırılması ilə bağlı tövsiyələrin verilməsi, eləcə də dərslərin müvafiq kafedralarda müzakirəsi, fənni tədris edən müəllimlərə metodik tövsiyələrin verilməsi, ali məktəblərin tələbələri ilə «Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi» mövzusunda diskussiyanın keçirilməsi də monitorinqin hədəflərindəndir.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində magistratura pilləsi I kursunun bütün ixtisaslarında 154 nəfərə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Tədrisi universitetin Tarix, ictimai elmlər və hüquq kafedrasının müdiri dosent Azad Bayramov aparır. Bakalavr pilləsində isə «Multikulturalizmə giriş» fənni tədris edilir. Tədrisi kafedranın müəllimləri Elgün Aslanov aparır. «Multikulturalizmə giriş» fənni qiyabi təhsil formasında da tədris olunur və 33 nəfər tələbəni əhatə edir.

 

Bundan başqa, Mincəçevir Dövlət Universitetində «Multikulturalizmə giriş» fənni iki fakültənin üç akademik qrupunda 127 tələbəyə tədris edilir. Tədrisi Tarix və ictimai elmlər kafedrasının baş müəllimi İlham Məmmədov aparır. Monitorinq zamanı dərslərin gedişində müəllimlərin hazırlıq səviyyəsi müsbət qiymətləndirilib və tələbələrin Azərbaycan multikulturalizm fənninə böyük marağının olması müşahidə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar