Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılıb.
ADİU-un mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş rəsmi veb saytının təqdimatı keçirilib.
Universitetin yeni abreviaturası olan UNEC (University of Economy) saytın domain adında da öz əksini tapıb. UNEC.EDU.AZ saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. 3 dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. HTML5, jQuery, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub.
Universitetin rəsmi veb saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb. Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı elektron kitabxana, sınaq imtahanı, elektron apellyasiya haqqında informasiyalar yer alıb.
Yaxın zamanda saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunacaq.
Rebrendinq çərçivəsində universitetin yeni korporativ loqotipi də təqdim edilib.