Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri Günəş enerjisindən istifadə imkanlarının təkmilləşdirilməsi istiqamətində yeni tədqiqatlar aparıb və mühüm nəticələr əldə ediblər.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Fizika İnstitutunun Günəş və hidrogen enerjisinin çeviriciləri laboratoriyasının mütəxəssisləri silisium günəş elementləri və batareyalarının uzun müddət etibarlı işləməsinə və effektivliyinin artırılmasına nail olublar.
Tədqiqatların nəticələri “Günəş elementləri - tədqiqat və tətbiqin perspektivləri” (“Solar Cells - Research and Application Perspectives”) adlı kollektiv monoqrafiyada yer alıb. Laboratoriyanın rəhbəri, AMEA-nın müxbir üzvü Təyyar Cəfərovun başçılığı ilə bu istiqamətdə aparılmış araşdırmalar kitabın “Nanoməsaməli silisium təbəqəli silisium günəş elementləri” fəslində öz əksini tapıb. Nəşr Xorvatiya və İsveçrədə yerləşən beynəlxalq “Intech” nəşriyyatında 2013-cü ilin martında çap olunub. Burada dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların təcrübələri cəmləşdirilib. “Intech” nəşriyyatından elmi əsərin müəllifi Təyyar Cəfərova göndərilən təbrik məktubunda qeyd olunur ki, kitabda dərc olunan fəsil elm adamları arasında böyük maraq doğurub və kitabın elektron ünvanında (http://www.intechopen.com/books/show/title/solar-cells-research-and-application-perspectives) 2000 dəfədən çox oxunub. Elmi əsər ən çox ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Hindistan və Meksikadakı oxucuların diqqətini çəkib.
Təyyar Cəfərov bildirir ki, gələcəkdə neft, qaz və kömür kimi enerji mənbələrinin tükənməsi, ekoloji problemlərin yaranması günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən cihazların hazırlanmasını zəruri edir. Bu baxımdan dünyada müvafiq tədqiqatlar qlobal əhəmiyyət kəsb edir. Alim şüaların əksetmə qabiliyyətinin 30-35 faizdən 2-4 faizədək azalmasına nail olmaq üçün bu prosesdə istifadə olunan texnologiyaya əlavə olaraq günəş elementinin üzərində nazik nanoməsaməli silisium təbəqənin yaradılmasını daha effektli variant hesab edir. Onun sözlərinə görə, ətraf mühiti çirkləndirməyən bu cihazların istifadəsi kosmik gəmi və ucqar bölgələrdə, o cümlədən yolların işıqlandırılmasında və bir çox digər yerlərdə mümkündür.
Ramiz Mikayıloğlu