“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azadlıq prospektinin təmiri işlərinə başlanılıb.
“Azəravtoyol”-un mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində ilk olaraq Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır.
Təmir işləri zamanı prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır.
Bundan başqa təmir işləri sayəsində səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa olunacaq.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub ki, yeni “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq.
Təmir işləri ilə əlaqədar hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə maşınların hərəkətinin məhdudlaşdırılması tətbiq olunur. Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.