Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfərinin ikinci günü Təzəpir məscid-kompleksinə gəlib. QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaq 100 illik tarixə malik Təzəpir məscidini ziyarət edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verib və bunun Azərbaycan dövlətinin dini-mənəvi irsimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Daha sonra İranın nüfuzlu din xadimi Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış olub.
Bunun ardınca Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans-zalında İranın nüfuzlu din xadimi ilə görüş olub.
Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri mühüm hadisədir: “Bu səfər Azərbaycanın tarixində qalacaq, belə ki, indiyə qədər Azərbaycana Ayətullah-Üzma gəlməyib. Bu, bir yol, cığır oldu. Bu yolu Ayətullah Hüseyn Nuri Həmədani açdı. Arzu edirik ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gəlsinlər. Həmədani İranda şahın hakimiyyətdən getməsində xidməti olan, dəfələrlə sürgün olunmasına baxmayaraq, əqidəsindən dönməyən mübariz, iradəli şəxsiyyətdir. Ayətullah Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər xiyabanında şəhidlərin ruhu, Qarabağ torpaqlarının azad olunması üçün dua edən birinci müctəhiddir”.
Görüşdə çıxış edən Ayətullah Hüseyn Nuri Həmədani bildirib ki, Qarabağın tez bir zamanda işğaldan azad olunmasını arzulayır: “Qədim tarixə malik Azərbaycanda olmağımdan çox şadam. İslam dini bərabərlik dinidir. Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm”.