Astarada kəndlərin problemləri müzakirə olunub
25 iyun 2013 21:34 (UTC +04:00)

Astarada kəndlərin problemləri müzakirə olunub

İyunun 25-də Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının və əlaqədar təşkilat və idarə rəhbərləri Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri ilə görüşərək, dağ kəndlərinin sosial problemlərini onlarla bir yerdə müzakirə ediblər.

 

APA-nın cənub bürosunun məlumatına görə, bu nümayəndəliyə daxil olan kəndlər, rayonun ən ucqar qərb ərazisi olmaqla, çətin dağlıq relyefi ilə xarakterizə olunur. 12 kənd üzrə 1165 təsərrüfatda 6437 nəfər əhali yaşayır. 1 bələdiyyəsi, 4 tam orta, 3 ibtidai məktəbi, 1 kənd sahə xəstəxanası, 2 mədəniyyət evi, 7 klubu, 8 kitabxanası, 2 tibb məntəqəsi və 1 poçtu olan nümayəndəliyin ərazisindən rayon mərkəzinə məsafə  25-40 km-dir və qərb qurtaracaqda İranla həmsərhəddir. Səfalı təbiəti, nadir meşələri, saf havası, mineral bulaqları və sərin suları ilə diqqəti çəkən Talış dağlarına sığınmış bu yaşayış məntəqələrinin ərazisi turizmin inkişafı üçün də  əlverişlidir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və arıçılıqdan ibarətdir.

 

Görüş zamanı yerli sakinlər Ojakəran-Pəlikəş dağ yolunun əsaslı təmirinə vəsait ayırdığı üçün ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. Qeyd olunub ki, son dövrlərdə nümayəndəliyin Şəvqo, Doli kəndlərinə ilk dəfə olaraq avtomoibil yolu çəkilib, eyni zamanda heç vaxt işıq olmayan bu kəndlərin əhalisi elektrik enerjisi ilə təmin olunub.

Pəlikəş kəndinin əsas mərkəzi yolunda təmir-bərpa işləri aparılıb, yola kanallar çəkilib, bir neçə yerdə suötürücü borular qoyulub, çınqıl döşənərək hamarlanıb.

 

Görüşdə çətinliklərdən də söz açılıb. Bildirilib ki, yerli əhali yolların mühafizəsində fəallıq göstərməli, iri yük maşınlarının yağışlı günlərdə hərəkəti məhdudlaşdırılmalıdır. Yolların ilin bütün fəsillərində işlək olması üçün təmir işləri davamlı xarakter almalıdır.

İcra başçısı bütün kəndlərdə bundan sonra da yeni-yeni sosial obyektlərin, xəstəxana binalarının, mədəniyyət müəssisələrinin inşa ediləcəyini və insanların xoşbəxt, firavan yaşaması üçün lazım olan bütün işlərin görüləcəyini dövlətin prioritet məqsədlərindən biri kimi dəyərləndirib. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar