Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 16-da Tərtər, Füzuli rayonlarında və Mingəçevir şəhərində aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. Agentlikdən Lent.az-a verilən məlumata görə, Tərtərin 4 kəndi üzrə ümumilikdə 4 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 21 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib, 27 200 kv. m ərazi təmizlənib.
Ağdamın Çəmənli kəndində 4 əkin sahəsi, 6 partlayış yeri aşkar edilib və nəticə etibarilə 12 600 kv. m ərazi təmizlənib.
Füzulinin Şükürbəyli kəndində 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 614 kv. m ərazi təmizlənib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına görə, Mingəçevir şəhərində 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv. m ərazi təmizlənib.
Mayın 16-da ümumilikdə 4 ev və həyətyanı sahədə, 9 əkin sahəsi, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, gün ərzində 41 414 kv. m ərazi təmizlənib.
Aprelin 7-dən mayın 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 486 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 421 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Qeyd edək ki, hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.