“Burada demək olar ki, qəzalı vəziyyət yaranıb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçiriləcək. Lent.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar qərarlar qəbul edilib. İclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, 2015-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinin tamam olacaq. Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verdiyini deyən A. Əlizadə qeyd edib ki, dövlət başçısı da akademiyanın yubileyinin 60 illik yubileyi kimi yüksək səviyyədə qeyd olunacağını deyib. 2014-cü ilin yanvar-fevral ayında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar layihənin hazırlanaraq başa çatdırılması və müvafiq sərəncamın imzalanması gözlənilir: “70 illiyə hazırlığa hər bölmə öz töhfələrini verməlidir. Son 5 il ərzində isə akademiyaya diqqət olduqca artıb, qurumun maddi-texniki bazanın genişlənməsi istiqamətində işlər görülüb, gələcək üçün böyük investisiyalar qoyulub və digər işlər görülüb. Bu ilin dekabr ayında AMEA kitabxanasının binasının tikintisi başa çatacaq”.
A. Əlizadə qeyd edib ki, 70 illik yubiley ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Rəyasət Heyətinin hazırda yerləşdiyi binasının əsaslı təmir edilməsi planlaşdırılır: “Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra burada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb”.
İclasda yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq 15 gün müddətinə komissiyaya təqdim edilməsi tapşırılıb. Bundan əlavə, 70 illiyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.