Ağcabədi rayonunun Aşağı Avşar kəndindən Bakıya satış məqsədi ilə gətirilən, Şamxal Nəbiyevin idarə etdiyi “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilən (2 ədəd iribuynuzlu heyvan, 6 ədəd xırdabuynyzlu heyvan cəmdəkləri, daxili orqanlar) 500 kq və Zərdab rayonunun Körpükənd kəndindən paytaxta satış məqsədi ilə gətirilən, Nadir Qasımovun idarə etdiyi “Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilində aşkarlanan (4 ədəd iribuynuzlu heyvan cəmdəyi, daxili orqanlar, 5 ədəd baş-ayaq) 600 kq miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici sənədi olmayan heyvan ətlərindən götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə satış üçün gətirilən ətlərdə aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması aşkar olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi məlum olmayan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız, aqoniya və ya öldükdən sonra kəsilmiş heyvan ətləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.
Xatırladaq ki, aprelin 19-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirilib.