Gürcüstana səfər edən təhsil naziri Mikayıl Cabbarov bu ölkənin təhsil və elm naziri Tamar Canikidze ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin inkişaf perspektivləri, elm strukturları, ali təhsil ocaqları arasında təcrübə və tələbə mübadiləsi, elm adamlarının qarşılıqlı səfərlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Nazir səfər çərçivəsində Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərə də baş çəkib.
Tbilisidəki 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri və normal təhsil almaları üçün hər cür şərait yaradılıb.
Sonra 64 saylı məktəbə gələn Təhsil Nazirinə məktəbin direktoru Tamara Mamsikaşvili təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib və bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus və gürcü bölmələri də fəaliyyət göstərir.
Məktəbin nəzdində fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.
M.Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib.
Sonra nazir Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Muzeyin elmi işçisi Leyla Əliyeva bu mədəniyyət ocağının fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.