Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi şərq rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə, gündüz 10-14 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Noyabrın 17-si günün ikinci yarısından 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətdə xeyli artması və güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə meteoloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.